Tahir Salahov Rusiyanın ali mükafatına layiq görülmüşdür

 

12 iyun  Rusiya günü münasibəti ilə müxtəlif peşə sahələrində fərqlənənlərə dövlət mükafatının  verilməsi ilə bağlı siyahı açıqlanmışdır. Rusiya mətbuat orqanlarının yaydığı məlumata görə  mükafata layiq   görünənlər arasında məşhur azərbaycanlı rəssam Tahir Salahov da var. T.Salahova mükafat  ədəbiyyat və incəsənət nominasiyası üzrə verilib. Bundan əlavə, təltif olunanlara 5 milyon rubl pul mükafatı da veriləcək. Mükafatlar bu gün Kremldə keçiriləcək Rusiya Günündə təqdim olunacaq.

Tahir  Salahov  dünya miqyaslı  azman sənətkardır. Onun əsərləri   dünyanın  böyük sərgi salonlarının  daimi eksponatına çevrilmişdir. Harada yaşamasından və işləməsindən asılı olmayaraq  Tahir müəllim   həmişə Azərbaycanla bağlı olmuşdur. Dünyanın hər yerində onu  Azərbaycanın  sənətkarı kimi  tanıyır və sevirlər. Bu sevginin arxasında dahilik zirvəsinə ucalmış bir həmyerlimizin illər uzunu yaratdığı çox qiymətli əsərlər dayanır. Təsadüfi deyil ki, T.Salahov Sovet İttifaqının ən yüksək  mükafat və ordenlərinə layiq görülüb.  Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə”  ikinciüçüncü dərəcəli ordenlərinə, Azərbaycanın ali mükafatı olanİstiqlal” ordeninə, Bolqarıstan, Polşa, Monqolustanbaşqa ölkələrin ordenlərinə, müxtəlif medallaramükafatlara layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 27-də Tahir Salahova “Heydər Əliyev” ordenini təqdim etmişdir. Həmyerlimiz Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə bərabər, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biriTahir Salahovdur. O, həm də Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.

 Tahir müəllimin bəşəri mahiyyət  daşıyan,  müasirliyi ilə dünyanın hər yerində sevilən  əsərlərinə tamaşaçı marağı onunla şərtlənir ki, Tahir Salahov milli və bəşəri dəyərləri sintez edə bilir, onların harmoniyasını böyük məharətlə yaradır.

Bu  məşhur  sənətkarın yaradıcılığı milli olduğu qədər də bəşəridir. Bu rəsmlərin hər birində istedadla dolu vətənpərvər bir ürəyin bəzən həzin, bəzən də sərt çırpıntıları duyulur. O ürəyin sahibi öz doğma yurdunu canı qədər sevir, onun bəzən ağrılı, bəzən qürurlu rənglərin bütün çalarlarını öz daxili dünyasından keçirib, güclü sənət dünyasına qovuşdurur. Tahir Salahov üçün doğulduğu Abşeron torpağı bu dünyanın kiçik modelidir. O, insan, bəşəriyyət və dünya haqqında həqiqətləri sanki bu kiçik torpaqda axtarır. Buranın torpağı da, dənizi də, insanları da onun əsərlərində o qədər ruhani bir şəkildə əks olunur ki, tamaşaçı onlarla üzbəüz olanda sanki yüngülləşir, özünü bu dünyanın vətəndaşı olduğu üçün xoşbəxt sayır.

Mən rəssamam və rənglərin də dilinə az-çox bələdəm. Amma Tahir müəllimin əsərlərində  bu rənglərin elə çalarlarını görürsən ki, bu  sənətkarın ilahi bir istedad sahibi olduğuna şübhə etmirsən. Tahir Salahov Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin yetirməsidir. O, burada təhsil alıb, sonra 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu bitirib. Bu günlər o  həmin institutun rəssamlıq və kompozisiya kafedrasına rəhbərlik edir. Amma ona qədər Azərbaycan İncəsənət İnstitutunda dosent, professor kimi çalışıb, Rəssamlar İttifaqında sədr kimi fəaliyyət göstərib.  Tahir Salahovun iki portret əsərini xüsusi olaraq qeyd etmək istəyirəm. Onlardan biriQara Qarayev”, ikincisi isə “Fikrət Əmirov”dur. Hər iki portretdə yaxın cizgilər var. Bu yaxınlığı şərtləndirən əlamət musiqidir. Amma onun bir portreti diqqətimi daha çox cəlb edib. Bu ümummilli liderimiz Heydər Əliyevin portretidir. Həmin əsərdəki daxili zənginlik,  insani hisslər, bütövlükkamillik hər bir tamaşaçıda milli qürur hissi doğurur. Tahir Salahov ulu öndəri bu xalqın düşündüyü kimi, əsl rəhbər kimi yaratmışdır.

“Səhər eşalonu”, “Rezervuar parkı” adlı sənaye peyzajları, “Abşeron qadınları”, “Aydan” tabloları, “Sabir”,  Dmitri Şostakoviç”, “Rəsul Rza” portretləri  rəssamın fəlsəfi axtarışlarının real nəticəsi kimi yaranmışdır. Bu əsərlərin hər birində Tahir Salahovun ciddi axtarışları hiss olunur, onlarda realist sənətkarın qəlb dünyasının zəngin rəngləri toplanmışdır. . “Xəzər bu gün  adlı  digər bir əsəri də diqqətimi çəkir. Neft qazma qurğusu o qədər real işlənmişdir ki, elə bil Xəzərin üzərindən ona tamaşa edirsən. Qız qalası   mövzusuna Azərbaycan rəssamlarından çoxları müraciət edib.  Amma Tahir müəllimin “Qız qalası” əsərindəki simvollar ona orijinal əsər  kimi yeni çalarlar gətirmişdir. Bu bizim tariximizin yaddaşına çox qiymətli töhfədir. Ona görə də müəllif bu əsərə bütün qəlbinin hərarətini vermişdir. Dünyanın bir çox ölkələrinin böyük şəhərləri, görməli yerləri, tarixi abidələri ilə bağlı Tahir Salahov yaradıcılığında qiymətli əsərlər var. Bu əsərlərin hər birində yüksək beynəlmiləlçilik, bəşəri duyğular yaşayır.

Artıq bir neçə ildir ki, Tahir Salahov Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət komissiyasına sədrlik edir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.

Tahir müəllimin  Rusiyanın ali mükafatına layiq görülməsi  hər bir azərbaycanlının qəlbində  böyük iftixar hissi doğurur. Bu münasibətlə  böyük  sənətkarımızı  ürəkdən təbrik edir, ona  yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

 

 

Elçin ORUCOV,

 əməkdar mədəniyyət işçisi,  rəssam

 

Xalq qəzeti.- 2013.- 12 iyun.- S. 6.